Merac

Hər şey o məqamda başlayır. Bütün sıxıntılar, bütün çətinliklər. Hər şeydən: metronun ritmindən, dinlədiyin musiqilərdən, dostlarından, axşamacan susub dinləməkdən, gözlərinlə şeir yazarkən üzünün gülməyində

 

n, qələmi fırlatmaqdan və nəhayət, özündən. Bezmək. Yəni, oksigeni də ritm pozulmasın deyə çəkirsən ciyərlərinə. Addımlarını ayaqların bir-birinin xətrinə atır. Şeiri də vaxt öldürmək üçün yazırsan. Bax o məqam. Dostların əhatəsində dərin bir quyuya enirsən. Səslərini eşidirsən, orada olduqlarını bilirsən, torpağı cırmaqlayırsan, əllərinin içi qan olsa belə, mübarizə aparıb çıxırsan quyudan. Və…Və görürsən ki, onlar sənin quyuya düşməyinə gülürlərmiş.

Mən çox gənc idim. Bu hisləri keçirmək mənə çox ağrı verirdi. Mübarizə aparmaq istəyirdim. Amma kimə qarşı. Mən “bezmiş mən”ə qarşı mübarizə aparacaq? Amma xeyr, bir çıxış yolu var idi. Mən məni “bezmiş mən”ə qarşı mübarizə aparmağa vadar edən səbəbi tapmalı idim. Heç çox da axtarmalı olmadım. Tanrı.

Əslində onun məni çox sevdiyini düşünürdüm. Amma etdikləri düşüncələrimi təkzib edirdi. Mən onun görünməz olmağından narazı idim. Ona çoxlu suallarım var idi. Bu görünməzliyi isə suallarıma cavab tapmağa əngəl idi. Və nəhayət qərara aldım ki, onu tapım. Beləliklə, uzun bir yola çıxdım. Yanımda isə iki şey götürdüm. Əslində Tanrının harada olduğunu, ünvanını bilmirdim. Amma onu tapmağın yolunu bilirdim. Çaxır və Quran. Bu onu qıcıqlandıracaqdı. Bilirdim. Küləyin səsimi yaydığı ulduzsuz bir gecədə çaxır içə-içə Quran oxuyurdum. Bərkdən oxuyurdum. Hətta qışqırırdım. Çaxır dadan dilim can verirdi ayələrə, surələrə. Bu onu əsəbləşdirəcəkdi. Bilirdim. Xeyli getdim. Artıq sərxoş olmuşdum. Ayələri gülə-gülə oxuyurdum. Çaxırım da bitirdi. Çox yorulmuşdum. Amma onu tapmaqda israrlı idim.

-Qorxmursan?

Bir neçə saniyə susub, sonra cavab verdim.

-Nədən?

-Səni cəzalandırmağımdan.

Bu cavabı məni çox güldürmüşdü.

-Sən hələ cəzalandırmayıb məni bu yerə çatdırmısan, cəzalandırsan gör nə olar.

-De görüm nə istəyirsən?

-Çaxırın olmaz? Zarafat eləyirəm. Dayan bir, heç tanış olmadıq. Mən Əli, sən kimsən?

-Axtardığın.

-Həə, demək, tanrı sənsən. Nə yaxşı, tapdım səni. De görüm niyə görünməzlik? Yaradan sənsən. Bu qədər xüsusiyyətlər ola-ola: məsələn, insanlar arasında çox varlı biri kimi yaşayıb hərdən yoxa çıxa bilərdin, yalnız dostlarının bildiyi bir yerdə yaşaya bilərdin, başqa planetdə qala bilərdin. Niyə görünməzlik?

-Onu tanrı olanda bilərsən.

-Bilirsən, həmişə səninlə söhbət eləməyin xəyalını qurmuşam. Planlaşdırırdım hər şeyi, sənə verəcəyim sualları. Amma indi qarşımdasan, donub qalmışam. Bilmirəm nədən başlayım. Yəqin ki, sənin insanlara ayıracaq vaxtın azdır. Yazılası əsərlərin var. Tez gedəcəksən. Ona görə çox həyəcanlıyam. Suallar arasında itib-batmışam. Yaxşı, gəl belə edək. Bütün planlarımı unuduram. Ağlıma gələn sualı verəcəm. Məsələn, mən hər gecə sənə dualar eliyəndə eşidirdin?

-Əlbəttə, eşidirdim. Mən bütün duaları eşidirəm.

-Yaxşı, nə olardı, heç olmasa eşitdiklərindən birini yerinə yetirərdin də.

-Ey mənim sevimli bəndəm, mən nəinki birini, eşitdiklərimin hamısını yerinə yetirirdim. Amma sən onları görə bilmirsən. Dərk eləyə bilmirsən.

-Onda belə çıxır ki, İlahə məni sevir, tanınmış yazıçı olacam, bununla bərabər məşhur və varlı biri olacam? Ah, bunları eşitmək necə də xoşdur. Yaxşı, sən bizim istədiyimiz hər şeyi eləyirsənsə, day onda sənə nə ehtiyac var, özümüz istədiyimizi eləyək də.

-Sən nə danışırsan? Elə şey olar? Sizə bir başçı lazımdı. Yoxsa sizi öz başınıza, öz ağlınıza buraxsam, min hoqqadan çıxarsınız.

-Hə, düz deyirsən. Yaxşı, bəs niyə insanların yarısını xoşbəxt eləyirsən, yarısını bədbəxt?

-Ey sevimli bəndə, xoşbəxt və bədbəxt insan yoxdur, sadəcə insan var. O sözləri siz yaratmısınız. Mən sizə hər ikisindən eyni dərəcədə paylayıram. Siz-insanlar özünüz müəyyən edirsiniz. Hansı tərəfə meyiliniz çoxdursa, özünüzü ondan hesab edirsiniz.

-Bax, buna çox təəccübləndim. Deməli, mənim də xoşbəxtlik payım var? Deməli, axtarışım nəticə verdi. Tanrı bilirsən, mən bura gələnəcən sənin varlığına zərrə qədər də inanmırdım. Və inananları da axmaq adlandırırdım. Amma artıq sənin varlığına heç bir şübhəm yoxdur. Sən çox yaxşı birisən. Nə edirsənsə, bizim yaxşılığımız üçün edirsən. Bu arada, üzr istəyirəm, içkiliyəm. Amma mənim ağlım bir şeyə ilişdi ee. Bayaq səndən görünməzliyi soruşdum. Cavabında isə bunu yalnız Tanrı olan zaman anlayacağımı dedin. Səndən son istəyim budur: bir gün sən insan ol, mən Tanrı olum, sən bəndə ol, mən yaradan olum, sən yaşayan ol, mən yazan olun. Görüm görünməzlik necə bir şeydir. Razısan?

-Dözə biləcəksən?

-Hə.

Bacarmadım. 1 dəqiqə belə. Tanrı insan ola bildi. Amma insan Tanrı ola bilmədi.

Merac: 14 комментариев

Ответить на Əliş Abdulla Отменить ответ