Qütb (13+)

Axşam saat 18 radələri. Yasamal rayonu, 26-cı polis bölməsi. 6 avqust. 2019.

  • Necə gedir işlər? Yorulmursan ki?
  • Yorulan olsaydım, bu işi seçməzdim. Əlbəttə ki, yorulmamışam.
  • Xəyalə, əzizim, sən hələ 3 ildir ki, bu işdəsən. Mən 26 ildir ki, bu bölməyə ayaq döyürəm. Düzdür, bəzən insan hər şeydən olduğu kimi işindən də bezir. Amma, amma insanı işinə bağlayan nəsə var. Ayrıla bilmirsən. Nə isə. O içərdədir?
  • Bəli. Düz 1 saatdır ki, sizi gözləyir. Yəqin, indiyə yuxulamışdır.
  • Bax, görürsən, təcrübəsizsən. Polis kamerasında həyəcandan və qorxudan heç kim gözlərini qırpa bilmir. Onda qalmış yuxulaya.
  • Siz yenə də bir yoxlayın.

Polis kamerası. 26 yaşlı gənc polisi gözləyir.

  • Darıxmırsan ki?
  • Mənim heç bir günahım yoxdur. Hamısını o elədi.
  • Dostum, narahat olma, burda günahkarlar cəzalandırılır, günahsızlar yox.
  • Bəs onda niyə məni gətirmisiniz bura?
  • Çünki sənin yaşadığın evdə 3 ildir səninlə bərabər yaşayan 9 yaşlı uşaq asılmış vəziyyətdə tapılıb. Səncə, bu halda mən nə etməli idim?
  • Onu mən asmamışam. Onu mən asmamışam (yüksək səslə). Hər bir şeyi o edib. Uşağı da mənim evimə o gətirib.
  • Bax, Tural, əgər sənin heç bir günahın yoxdursa, səni gətirdiyim kimi evə yollayacam. Yox, əgər günahın varsa, çox təəssüf ki, səni cəzalandırmaq məcburiyyətində qalacam.
  • Niyə, görəsən, insanları cəzalandıran insanlar heç vaxt günahkar olmurlar?!
  • Çünki cəhənnəmi görən bir də yanmaq istəməz.
  • Mən 3 ildir cəhənnəmdə yanıram. Niyə mənə yanmamaq kimi bir variant təklif olunmur?
  • Bəkə də, təklif olunub, sən fərqinə varmamısan.
  • Yox, yox, fərqinə varmışam. Elə ona görə də burdayam.
  • Mən bilmirəm. Bilib sənə demək üçün indi sən mənim suallarıma cavab verməlisən.
  • Heç nə başa düşməyəcəksiniz, anlamayacaqsınız. Məni buraxın gedim. Bu məsələ ta əvvəldən olmamalı idi.
  • Tural, ta əvvəlindən danış. Mən səni dinləmək üçün burdayam. Sənə kömək etmək istəyirəm. (bir neçə saniyə fasilə. Sonra yenə Tural davam edir)
  • Universiteti bitirdikdən sonra, internatda bağban kimi işləməyə başladım. Heç sevmədiyim bir iş idi. Amma evdə tək yaşayırdım. Pula ehtiyacım var idi. Məcbur idim, orda işləməyə. İnternatda Mələk adında bir müəllimə var idi. O, hələ ilk günlərdən mənimlə çox mülayim davranırdı. Bəlkə, hər şey elə onda başladı. 2016-ci ilin yay ayları idi. Mələk mənə bəzi şeyləri danışdı.

İnternat. 6 iyul. 2016.

  • Tural, uşaqlara qulluq eləməyi xoşlayırsan, yoxsa çiçəklərə?
  • Mənim evdə çoxlu kitablarım var. Heç birinin səhifəsində nöqtə belə tapa bilməzsən. Elə bilərsən indicə kitab mağazasından almısan.
  • Gör neçə vaxtdır bir yerdə işləyirik, heç bir dəfə də olsun oturub söhbət eləməmişik. Sənin evində olmağı çox istəyərəm. Mənim də kitablara marağım çoxdur. Düzdür, sənin qədər səliqəli olmasam da, mən də pis baxmıram kitablara.
  • Görərsən bir gün.
  • Tural, mən neçə gündür sənə bir şey danışmaq istəyirəm.
  • Dinləyirəm.
  • Bundan bir neçə il əvvəl nişanlım intihar etdi. Səbəbini də bilmədik. Qıydı özünə. O vaxtdan yalnızam. Ailəmlə də, demək olar ki, bayramdan-bayrama görüşürəm. İş yoldaşlarımla bir evdə qalıram. Demək istəyirəm ki, … (susur)
  • ..
  • İstəyirəm mənim həyat yoldaşım olasan. Səninlə bir evdə yaşayım. Tanışlarımızla bərabər kiçik yığıncaq edək. Heç çox səs-küylü bir şey lazım deyil. Bilirəm ki, sən də yalnızsan. Çox düzgün, vicdanlı, təmiz birisən. Sən də yalnızlıqdan qurtularsan, mən də. Hə, Tural?

Bölmə. 2019.

  • Sözünü bitirmişdi ki, əllərimi tutdu. Həyəcandan ürəyim çıxırdı az qalsın sinəmdən. Sözüm tükəndi. Boğazım qurudu. Bilirdim, bu gün o deməsə idi, mən nə vaxtsa eyni şeyi ona deyəcəkdim. Həmin an hər şey üçün səbrsizlənirdim. Amma…

 İnternat. 2016.

  • Yox!
  • Tural, …
  • Mələk, mən getməliyəm.

 Bölmə. 2019.

  • Həmin gün evə getdim. Bütün gecəni yata bilmədim. Axı tam mənim istədiyim bir şey baş vermişdi. Niyə buna qarşı gəldiyimi başa düşə bilmirdim. Sanki həmin an başqa kimsə mənim yerimə qərar vermişdi.
  • Sən onu sevirdin?
  • Aha, sevirdim.
  • Bəs indi?
  • Bilmirəm.
  • Bu məsələnin hadisəylə nə əlaqəsi var? Başa düşə bilmirəm.
  • Həmin gecə artıq hər şey dəqiqləşmişdi.
  • Nə dəqiqləşmişdi?

 İnternat. Avqust. 2016.

  • Mələk, səninlə bir şey danışmalıyam.
  • Buyur, dinləyirəm.
  • Mən burdan bir uşaq götürüb saxlamaq istəyirəm. Yəni istəyirəm bir uşaq böyüdüm. Mənimlə yaşasın.
  • Nə? Sən nə danışırsan? Niyə belə bir şey edirsən?
  • Mələk, bağışla, indi sənə heç bir şey izah edə bilməyəcəm. Hər şey çox qarışıqdır.
  • Həqiqətən, deməyə bir söz tapmıram. Necə istəyirsən, elə də et.
  • Sağ ol.
  • Tural, mən hələ də səninlə…
  • Yox!

 Bölmə. 2019.

  • Mən bir qərar qəbul eləmişdim. Nə olur olsun, onu eləməli idim. Başqa variant yox idi.
  • Qərar uşağı asmaq idi, Tural?
  • Yox, əlbəttə. Yox, yox, hər şey tamam başqa cür oldu.
  • Bu işdə Mələyin də əli var?
  • Yox!
  • Bax ha, mən onu da dindirmişəm. Sözünüzdə üst-üstə düşməyən nəsə olsa, o dəqiqə biləcəm və bu sənin üçün heç də yaxşı olmaz.
  • Onu da dindirmisən?! Axı sən Mələyi heç tanımırdın.
  • Mən hər şeyi bilirəm. Amma sənə onu deyim ki, çox şey bilmək, çox pis şeydir.

Bölmə. Turalın dindirməsindən bir neçə saat əvvəl.

  • Mənə deyilənlərə görə, Tural təkcə sizinlə yoldaşlıq edirmiş. Başqa heç kimlə ünsiyyəti yox imiş. Düzdür bunlar?
  • Bəli.
  • Onun haqqında bir az danışa bilərsiniz? Tural, necə insan idi?
  • Onun necə bir insan olduğunu bir cümlə ilə belə ifadə edə bilərəm – mən onu sevirdim. Hətta onunla ailə həyatı da qurmaq istəyirdim. Amma o, çox qəribə biri idi. Bəzən yaxşı idi, bəzən pis, bəzən mülayim idi, bəzən soyuq. O, mənim evlənmək təklifimi heç bir söz demədən rədd etdi. Sonra, sonra bilirsiniz nə oldu? O, uşaq saxlamaq, internatdan uşaq götürüb saxlamaq istədiyini dedi. Mən təəccüb içində idim. Belə bir şey elədiyini heç cür başa düşə bilmirdim.
  • Məni yalnış anlamayın, amma uşağı götürdükdən sonra uşaqla bağlı nəsə danışığınız, söhbətiniz olmayıb ki?
  • O, mənə işdə deyirdi ki, uşağın adını dəyişib Ural qoyub.
  • Niyə?
  • Niyəsini tam izah etmirdi. Sadəcə deyirdi ki, uşağın onun bir parçası olmasını istəyirdi.
  • Qəribədir. Bəs başqa nəsə deməyib ki?
  • Bir gün mənə zəng edib dedi ki, mənə çox vacib bir şey deməlidir. Bu yaxınlarda görüşək. Həmin günün səhəri uşağın asılma xəbəri çıxdı.

Turalın dindirməsi. Bölmə. 2019.

  • Ona nə deyəcəkdin? Mələyə nə deyəcəkdin?
  • Onu sevdiyimi.
  • Tural, mən artıq əsəbləşirəm. Sevirdin, gedib deyərdin də sevdiyini, daha uşağı niyə asırdın?
  • Uralı mən asmamışam.
  • Tural, sevdiyin və səni sevən bir qadın ola-ola internatdan uşaq götürürsən. Və düz 3 ildir ki, onunla birlikdə yaşayırsan, hər qayğısına qalırsan. Birdən-birə uşaq sənin evində asılmış şəkildə tapılır. İndə də reanimasiyadadır. Bunu mənə izah edə bilərsən?
  • Nə, ölməyib? (təəccüblə)
  • Tural, sən yaxşısan? Ya mənimlə oyun oynayırsan? Axı sən özün bölməyə zəng edib demisən ki, otaqda uşağı asılmış vəziyyətdə tapmısan. Ona yardım etmisən və sonra da təcili yardım çağırmısan.
  • Aman Tanrım, bunu mən etmişəm?
  • Tural, hər şeyi danışdın, dinlədim səni. Bəlkə, artıq həqiqətləri danışasan?
  • Mən bunu sənə izah edə bilmərəm. Etsəm də, sən anlamayacaqsan. Hər şey çox qarışıqdır.
  • Axı sən çoxlu kitab oxumusan, izah etməyin bir yolunu tapmalısan.
  • Mən sənə izah etməyə bəs edəcək qədər kitab oxumuşam, amma sən məni başa düşəcək qədər kitab oxumamısan.
  • Elə bilmə ki, sən ilk dindirdiyim şübhəlisən. Sən danışsan, mən də başa düşməyə çalışsam, hər şey aydın olar.
  • Mələk mənə evlənmək istədiyini dediyi günün gecəsi mən bir şeyi başa düşdüm. Daha doğrusu, başa düşmüşdüm, sadəcə bir daha buna əmin oldum. Mən Mələyi həm sevirdim, həm də sevmirdim. Mən onunla birlikdə yaşamaq istəyirdim, həm də istəmirdim. Artıq əmin olmuşdum ki, məndə qütbləşmə gedir. İki qütbə bölünürdüm. Biri ağı xoşlayırdı, biri qaranı, biri yaxşı insan idi, biri pis, biri xoşbəxt idi, biri bədbəxt. Artıq bu qütbləşmə məni yorurdu. Özümün belə xəbərim olmadan nələrsə edirdim. Məsələn, polisə zəng etməyimdən indi xəbər tuturam. Normal düşünə bilmirdim. Çox əziyyət çəkirdim. Artıq bunu dəyişdirməli idim. Bir qərar verməli idim.
  • Dayan, dayan. Tural, dayan. Hər bir kəsdə bu qərarsızlıq anı olur. İnsan iki seçim arasında qalır və seçilmiş nəticə onu narahat edir. Sən bu məsələni niyə bu qədər böyüdürsən?
  • Adın Samir oldu da, hə? Samir, mən çox savadlı adamam. Ağı qaradan seçə bilirəm. Amma daha mən deyil idim axı. Biz idik. O və mən. Mən və o. Bilmirəm, bəlkə, mən dediyim o idi, o dediyim mən idim. Bilmirəm.
  • Şəxsiyyət ikiləşməsi.
  • Bipolyar pozuntu.
  • Sənin dediyin nəsə mənə inandırıcı gəlmir. Bu hal yaşanarkən insan bundan xəbərsiz olur. Sənin hər şeydən xəbərdar olmağın bir az şübhəlidir.
  • Kaş mən də xəbərsiz olardım. Amma, amma o mənə hər şeyi çılpaqlığı ilə danışdı. Bəlkə də…
  • Sən ona danışdın.
  • … (susur)
  • Bir qərar verməli idin dedin. Nə idi o qərar?
  • Mən onu öldürməli idim.
  • Tural, sən başa düşmürsən?! Onun ölməyi elə səni də ölməy… (Uralı düşünür). Yoxsa?
  • Mən bilmirdim – mən onu öldürməliyəm, yoxsa o məni. Amma… Mənim inandığım bir şey var. Düzdür, həyatda hər şey nisbidir. Yaxşı dediyin şey əslində pis də ola bilər. Amma yenə də yaxşı daha yaxşıdır, nəinki pis. Mən bir qərar vermişdim. Bizim ikimizin ən yaxşı xüsusiyyətlərini Urala daşıdım. Başa düşürsən? Mən onu internatdan götürdükdən bu yana evdən çölə çıxmayıb. Bir növ mən onu yenidən yaradırdım. Hər şeyi ona yenidən yükləyirdim. Özüm üçün. Bizim üçün. Ən doğrusu bu idi. İkimizdən biri qalmalı idi, biri ölməli. Mən aylarla oturub hər şeyi yazırdım, yaxşı, pis müəyyənləşdirirdim.
  • Aman Tanrım…
  • Son dövrlərdə…
  • Mənə bax, bəlkə, sənin yaxşı bildiklərin elə pis idi? Bəlkə, uşağa yüklədiklərin elə pislər idi?
  • Həmin vaxt insan bunu düşünə bilmir. Tək öz düşündüyünə inanır. Nə bilmək olar, bəlkə də elə onun düşündüklərinə inanırdım. Bilmirəm.
  • Bəs uşaq?
  • Uralı yaxşı edib, pis olan Turalı, yəni özümü öldürəcəkdim. Amma inan ki, baş verənlər, mən niyə burdayam, heç nə başa düşə bilmirəm. Niyə belə oldu bilmirəm.
  • Tural, bəlkə, o, son anda hər şeydən xəbər tutub və baş verənləri dəyişdirmək istəyib?

Birinci hissənin sonu.

 

Müəllif — Əliş Abdulla

Redaktor — Fatma Abdulla

Foto — Fatma Abdulla

Kaver — Süleyman Süleymanov

 

Rəyçilər :

Barat Qubatov

Orxan Adıgözəlov

Nicat Manafov

Şəfəq Elçin

Yadigar Səfərov

QEYD : Əsərin bütün hüquqları «Epitafiya Production» tərəfindən qorunur. İcazəsiz şəkildə mətni başqa saytlarda paylaşmaq qadağandır. Keçid linkini paylaşmaq isə sərbəstdir.

©️ Epitafiya. Bütün hüquqları qorunur, 2020.

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s